A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Xəzər Media Mərkəzi" arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, “Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov, eləcə də universitetin və Xəzər Media Mərkəzinin əməkdaşları iştirak ediblər.

Rektor professor Ədalət Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirilməsinin, eləcə də təhsil sektorunda bazar münasibətlərinin formalaşdırılmasının vacibliyindən danışıb. UNEC-də MBA proqramı üzrə “Sosial media marketinqi” sahəsində peşəkar mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdıran rektor, tələbələrin sosial medianın marketinq analitikası, sosial media ekosistemi, media kommunikasiyası və planlaması, korporativ idarəetmə və s. üzrə bilik və bacarıqlara yiyələndiklərini bildirib. Onların medianın fəaliyyətinə və işin müasir səviyyədə qurulmasına töhfələr verə biləcəklərindən əminliyini ifadə edib. Professor Ədalət Muradov “Xəzər Media Mərkəzi" ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını, ali təhsildə həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması və cəmiyyətin ölkə ali təhsilinə inamının artırılması baxımından faydalı olacağını deyib. Menecment, mühasibatlıq, informasiya texnologiyaları, dizayn, marketinq və digər müvafiq sahələrdə UNEC-in təhsilalanlarının bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı birgə layihələrin icrası, onların müvafiq sahələr üzrə istehsalat təcrübələrinin təşkil edilməsi, UNEC məzunlarının işlə təmin edilməsi, “Xəzər TV”-nin əməkdaşlarının ixtisasının artırılması və “XƏZƏR TV”-yə ekspert dəstəyi kimi tədbirlər nəzərdə tutulmuşdur.

“Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov UNEC-də müxtəlif istiqamətli ixtisaslar üzrə hazırlanan peşəkar mütəxəssislərin “Xəzər Media Mərkəzi”nin fəaliyyətinə cəlb olunmasının önəmini vurğulayıb. Əlavə edib ki, UNEC-lə əməkdaşlıq rəhbərlik etdiyi kollektiv üçün yenilik olmaqla yanaşı, maraqlı təcrübə olacaq: “Düşünürük ki, belə əməkdaşlıqlar çox faydalıdır. "Xəzər Media Mərkəzi" olaraq, biz tələbələrin praktik biliklərinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirik və bugünkü imzalanma mərasimi də buna əyani sübutdur. Azərbaycanın ali təhsil ocaqları ilə bu prosesin silsilə olmasını arzu edir, Azərbaycan gənclərinin inkişafına yönələn savadlı, istedadlı gənclərimizin işlə təminatına xidmət edəcək faydalı əməkdaşlıqda rol almaqdan məmnuniyyət duyuruq".

Sonra UNEC rektoru, professor Ədalət Muradov və “Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov əməkdaşlıq haqqında memorandumunu imzalayıblar. Sənədə əsasən, UNEC tələbələrinin menecment, mühasibatlıq, informasiya texnologiyaları, dizayn, marketinq və digər sahələrdə bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə  bağlı birgə layihələrin icrası, istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, “Xəzər TV”nin əməkdaşlarının ixtisasının artırılması, ekspert dəstəyi, eləcə də yay təcrübə proqramlarının keçirilməsi, media sahəsində yeni layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində hazırlanması və yayımlanması, media sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, birgə tədqiqatların aparılması, konfransların, təlimlərin və seminarların təşkil edilməsi və s. nəzərdə tutulur. 

TOP XƏBƏRLƏR