UNEC Tərcümə Mərkəzi təqdim edir:
2022-ci il İqtisad elmləri üzrə Nobel Memorial Mükafatı 10 oktyabrda Amerika iqtisadçıları Ben S.Bernanke, Duqlas V.Diamond və Filip H.Dubviq arasında "banklar və maliyyə böhranları” ilə bağlı araşdırmalarına görə bərabər bölündü.
Mükafat 1968-ci ildə İsveçin Mərkəzi Bankının (Sveriges Riksbank) 300-cü ildönümü münasibətilə bankın “əbədi” fondu tərəfindən təsis edilmişdir. İqtisadiyyat üzrə Nobel Mükafatı laureatları İsveç Kral Elmlər Akademiyası tərəfindən seçilir. Nobel Komitəsi onların seçilmə səbəbini açıqlayıb:
“İqtisad elmləri üzrə bu ilin laureatları Ben Bernanke, Duqlas Diamond və Filip Dubviq xüsusilə maliyyə böhranları zamanı bankların iqtisadiyyatdakı rolu haqqında anlayışımızı əhəmiyyətli dərəcədə yaxşılaşdırdılar. Onların araşdırmalarının əsasını bank böhranlarının qarşısının alınmasının nə üçün həyati əhəmiyyət kəsb etməsi təşkil edir”.
Ben Bernankenin əsas töhfələri onun 1930-cu illərdəki böyük böhran zamanı bankların rolu və ABŞ Federal ehtiyat sisteminin rəhbəri kimi 2007-2008-ci il maliyyə böhranına reaksiyası ilə bağlı apardığı araşdırmalardan ibarətdir. Digər tərəfdən, Duqlas Diamond və Filip Dubviq “Diamond-Dubviq bank əməliyyatlarının modeli”nin inkişafı üzərində çalışırdılar.
Ben Bernanke 1953-cü ildə Corciya ştatının Auqusta şəhərində anadan olub. Bernanke Harvard Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, 1979-cu ildə Massaçusets Texnologiya institutunda isə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 1996-2002-ci illərdə Prinston Universitetində iqtisadçı professor kimi işlədikdən sonra, 2002-2005-ci illərdə Federal ehtiyat sisteminin rəhbərlər şurasında çalışmağa başlayıb. Daha sonra o, ABŞ prezidenti Corc Buşun yanında iqtisadiyyat üzrə məsləhətçilər şurasının sədri vəzifəsində çalışıb, sonra isə 2006-2014-cü illərdə, iki dəfə ABŞ Federal ehtiyat sisteminin sədri olub, 2007-2008-ci ildə maliyyə böhranının qarşısını almaq məqsədilə iqtisadi siyasətə rəhbərlik edib.
Duqlas Diamond 1975-ci ildə Braun Universitetini “İqtisadiyyat” ixtisası üzrə bitirmişdir. Diamond Yale Universitetində 1976-1977-ci illərdə magistr dərəcəsi almış, 1980-ci ildə isə son olaraq iqtisadiyyat üzrə fəlsəfə doktoru adını qazanmışdır. Diamond, Honq-Konq Elm və Texnologiya Universitetində, MİT Sloan İdarəetmə Məktəbində və Bonn Universitetində qonaq professor kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı Diamond Yale Universitetində dərs deməyə də zaman ayırmışdır. Hazırda Diamond Merton H. Miller adına Çikaqo Universitetinin Booz Biznes Məktəbində Maliyyə üzrə fəxri professordur, 1979-cu ildən isə həmin universitetdə fəaliyyət göstərir.
Filip Dubviq əvvəllər Yale Universitetinin professoru və Prinston Universitetinin dosenti idi. O, 2002-2003-cü illərdə Qərb Maliyyə Assosiasiyasının prezidenti olub, eyni zamanda “Review of Financial Studies” , “Journal of Economic Theory”, “Finance and Stochastics”, “Journal of Finance”, “Journal of Financial Mediation”, “Journal of Financial and Quantitative Analysis, and Review of Financial Studies” kimi jurnalların redaktoru və ya redaktor köməkçisi vəzifələrində çalışıb. Hazırda Sent-Luisdəki Vaşinqton Universitetinin Olin Biznes Məktəbində bank işi və maliyyə üzrə professorudur.
Mənbə: https://www.nobelprize.org/prizes/economic-sciences/2022/summary/