Bu gün UNEC-də rektor, professor Ədalət Muradovun əmri ilə təsdiq edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı çərçivəsində “Cümhuriyyətin 100 illiyi” adlı sənədli tamaşa təqdim edilmişdir.
UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlunun və “Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənovanın ortaq layihəsi olan tamaşada AXC-nin yaranmasında Osmanlı imperiyasının danılmaz rolu, eyni zamanda AXC-nin Paris Sülh Konfransında iştirakı və həmin dönəmdə yaşanan hadisələr, Azərbaycanın müstəqilliyinin de-fakto tanınması məqsədilə aparılan mücadilə barədə bəhs edilir. Tamaşaçıları bir daha həmin illərə qaytararaq, müstəqilliyimizin əldə edilməsində böyük rol oynamış ziyalılarımızın mübarizəsindən bəhs edən tamaşa izləyicilərin böyük marağına səbəb oldu.
Quruluşçu rejissor Vahid Orucoğlu və Elman Telmanoğlu, səs rejissoru Azər Məhərrəmovun olduğu tamaşada əsas rollarda Yasin Əhmədov (“Texnologiya və Dizayn” fakültəsi), Hilal İbrahimov, Rəşad Aslanov, Aslan Əzimzadə (“İqtisadiyyat” fakültəsi), Rəşad Cəlil (“Maliyyə və mühasibat” fakültəsi), Məhəmmədəli İsmayılov (SABAH Mərkəzi), Nicat Tanrıverdiyev (Rus İqtisad Məktəbi) oynayıblar.