×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in rektoru professor Ədalət Muradov dekabrın 10-12-də “Nəsimi” tamaşası ilə Türkiyənin Ankara şəhərində səfərdə olan heyəti qəbul edib.

Görüşdə UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı tamaşanın qardaş ölkədə yüksək səs-səda doğurduğu vurğulanıb. Buna görə aktyor tələbələrə, bütün yaradıcı heyətə təşəkkürünü bildirən rektor “Nəsimi ili”nə töhfə, dahi mütəfəkkir şairimizin, eləcə də UNEC-in Türkiyədə tanıdılması baxımından bu layihənin yüksək əhəmiyyət daşıdığını söyləyib. Professor Ədalət Muradov qeyd edib ki, biz bu tamaşa ilə UNEC-in tarixində yeni səhifə açdıq və bu qürurverici səhifə universitetin tarixi ilə bağlı kitabda mütləq yer alacaq.

Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilova, Yaradıcılıq Mərkəzinin rəhbəri, Elman Cəfərov, tamaşanın rejissoru Vahid Orucoğlu səfər və uğurlu nümayişlə bağlı təəssüratlarını bölüşüblər. Bildirilib ki, tamaşa anşlaqla qarşılanıb, tələbələrin ifa bacarığı hər kəsi heyran edib. Məhz bu səbəbdən “UNEC Tələbə Teatrı” 2020-ci ilin  aprelində yenidən Türkiyəyə, bu dəfə Qarabağ mövzusuna aid tamaşa ilə dəvət alıb.

Rektor Ədalət Muradov UNEC-in tələbə teatrının daha da inkişaf etməsi, tanınması üçün zəruri tədbirlərin görülməsini tapşırıb. Gündəm yaradan “Nəsimi” tamaşasının isə ölkəmizdə, bölgələrdə, ali məktəblərdə, eləcə də peşəkar teatrların səhnələrində təqdim edilməsini tövsiyə edib.

Rektor universitetin Yaradıcılıq Mərkəzinin qarşıdan gələn əlamətdar günlərlə bağlı da yeni tamaşalar hazırlamasının vacib olduğunu deyib. 20 Yanvar faciəsinin 30-cu ildönümü və Xocalı soyqırımına həsr olunan tamaşaların səhnələşdirilməsi qərara alınıb.

Rektor professor Ədalət Muradovun bir xəbəri görüş iştirakçılarını sevindirib. O,  bildirib ki, UNEC-in yeni inşa olunan və gələn ilin mayında istifadəyə verilməsi planlaşdırılan müasir tədris binasında tələbə teatrına yer ayrılacaq. Müzakirələr zamanı, həmçinin teatrın öz maddi-texniki bazasının yaradılmasının zəruriliyi vurğulanıb.

Daha sonra söz alan tələbə aktyorlar onlara yaradılan şəraitə görə rektor Ədalət Muradova dərin minnətdarlıqlarını bildiriblər. Tələbələr yeni-yeni uğurlara imza atacaqlarına, “UNEC Tələbə Teatrı”nı ölkəmizdə, onun hüdudlarından kənarda daha yaxşı tanıdacaqlarına söz veriblər.

Sonda rektor professor Ədalət Muradov görüş iştirakçılarına bir daha uğurlar, yeni-yeni nailiyyətlər arzulayıb, bunun reallaşması üçün hər cür dəstəyə hazır olduğunu qeyd edib.     

TOP XƏBƏRLƏR