Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsi şəhidləri Pəncəli Teymurov və Cəbrayıl Dövlətzadənin həyat və döyüş yolundan bəhs edən “Vətənpərvərlik- ən ali mənəvi dəyər" adlı sənədli filmin təqdimatı keçirilib.
"Milli Dəyərlərin Qorunması" İB, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanan sənədli filmin təqdimatında UNEC-in müəllim-tələbə heyəti ilə yanaşı, şəhid ailələri, Müdafiə Nazirliyi və Zabitlər evinin əməkdaşları, döyüşçülər və digər qonaqlar iştirak ediblər.
Tədbiri UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən söz açıb. Bu döyüşlərdə UNEC-in onlarla tələbə və məzununun iştirak etdiyini və 23 şəhidinin olduğunu diqqətə çatdırıb. Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayan prorektor onların ailələrinin bizim üçün dəyərli əmanət olduğunu qeyd edib.
"Milli Dəyərlərin Qorunması" İB-nin sədri Dilarə Nağıyeva layihə barədə ətraflı məlumat verib. Bildirib ki, məqsəd şəhidlərin həyat və döyüş yolundan bəhs edən filmləri nümayiş etdirərək, vətənpərvərliyin mənəvi dəyər olduğunu hər kəsə aşılamaq, bu dəyəri əvəzedilməz, müqəddəs tərbiyə elementinə çevirməkdir, həmçinin gənc nəsildə vətənpərvərlik hisslərinin daha da artırılmasına nail olmaqdır.
Tədbirdə Qarabağ müharibəsi iştirakçısı, təqaüddə olan polis mayoru Aidə Şirinova, hərbi tibb bacısı, baş çavuş Rüxsarə Cumayeva, şəhid Cəbrayıl Dövlətzadənin anası və yaxınları, Müdafiə Nazirliyi və Zabitlər evinin əməkdaşları çıxış edərək, şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıblar.
Çıxışlardan sonra “Vətənpərvərlik- ən ali mənəvi dəyər" adlı sənədli filmi nümayiş olunub. Qəhrəman döyüşçülərimizdən bəhs edən sənədli film izləyicilərə duyğulu anlar yaşadıb.