Azərbaycanın Türkiyədəki Səfirliyinin, İstanbuldakı Baş Konsulluğumuzun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə Əskişəhərdə keçirilən “Azərbaycan mədəniyyət və incəsənət günləri” çərçivəsində “Yarımçıq qalmış…” tamaşası oynanılıb.
UNEC-in Yaradıcılıq Mərkəzinin teatr kollektivi tərəfindən böyük bədii məharətlə oynanılan tamaşa hərarətli tamaşaçı alqışları ilə qarşılanıb.
Tamaşadan sonra UNEC-in Yaradıcılıq Mərkəzinin teatr qrupu təltifləndirilib.
Yefim Abramov və Leyla Bəyimin "Xəyalpərəst oğlan" əsəri əsasında yeni quruluşda səhnələşdirilən “Yarımçıq qalmış...” tamaşasının süjeti fantosmoqrafikdir. Qarabağ müharibəsi haqqında bu günə qədər quruluş verilmiş tamaşalardan fərqli olaraq qəhrəmanların daxili aləmi, torpağa, yurda bağlılığı ruh kontekstində verilir. Biz qəhrəmanlarla şəhadətindən sonra tanış oluruq. Vətən uğrunda canından keçməyə hazır olan milyonların əvəzindən döyüşlərdə şəhidlik zirvəsinə qovuşan bu Vətən fədailəri sanki bütün Azərbaycanın əksidirlər.
“Yarımçıq qalmış…” tamaşası simvolik elementlər qalereyasıdır. Burda ruhların görüşü də, onların geri dönüşü də, hətta ölümü də simvolikdir.
Qeyd edək ki, “Azərbaycan mədəniyyət və incəsənət günləri” 28 May - Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunub.