UNEC-in əsas təşkilatçılığı və ev sahibliyi ilə keçirilən “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri (ICCPEAS 2025)” I beynəlxalq elmi-praktik konfransında qəbul edilmiş tam mətn məqalələr beynəlxalq nüfuzlu Atlantis Press nəşriyyatında “Proceedings” formatında dərc olunub.
Konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi, UNEC-in ev sabibliyi, eləcə də Orta Doğu Texniki Universiteti, Ufa Dövlət Neft Texnologiyaları Universiteti və S.A. Azimov adına Fizika-Texniki İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransa ABŞ, Birləşmiş Krallıq, Fransa, Çin, Belçika, İtaliya, İspaniya, Pakistan, Türkiyə, Rusiya, Özbəkistan, İran, Qazaxıstan, Hindistan və digər ölkələr daxil olmaqla dünyanın 31 ölkəsindən 600-dən artıq tezis və məqalə təqdim olunub. Təqdim edilən işlərdən 299-u qəbul edilərək toplu şəklində nəşr edilib.
Bununla yanaşı, Springer nəşriyyat qrupuna daxil olan Atlantis Press ilə əldə edilmiş razılaşma əsasında təqdim olunan 200-ə yaxın tam mətn məqalədən 96-sı Konfransın Elm Komitəsi tərəfindən seçilərək beynəlxalq “Proceedings” nəşrində dərc olunub.
Dərc olunan məqalələr CNKI, Dimensions, EBSCO Discovery Service, INSPEC, Google Scholar, OCLC WorldCat Discovery Service, ProQuest-ExLibris Primo, Summon və digər nüfuzlu beynəlxalq elmi bazalarda indekslənəcəkdir.