Dünyanın aparıcı universitetləri ilə bakalavr və magistr dərəcələri üzrə ikili diplom, mübadilə, birgə (join), eləcə də beynəlxalq proqramlar reallaşdıran UNEC bu istiqamətdə uğurla fəaliyyətini davam etdirir. Hər il onlarla UNEC tələbəsi həmin proqramlarda iştirak edərək, uğurla məzun olurlar.
2020/2021-ci tədris ilində UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə beynəlxalq bakalavr proqramından məzun olan Leyla Quluzadə ilə müsahibəni təqdim edirik.
- Leyla xanım, sizi təbrik edirik, həm UNEC-dən, həm də London Universiteti/London İqtisadiyyat Məktəbindən məzun oldunuz. Hansı ixtisaslara yiyələndiniz və beynəlxalq bakalavr proqramına qoşulmaq üçün ən önəmli məqam nə idi, sizə hansı üstünlükləri qazandıracağını düşünürdüz?
-UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Dünya iqtisadiyyatı” ixtisasından, LSE-də isə “Mühasibat uçotu və Maliyyə” ixtisasından bakalavr dərəcəsi almışam. İxtisaslar eyni sahədən olub, bir-biri ilə tamamlayıcı rol oynayırlar.
Proqram haqda ilk dəfə eşidən kimi qoşulacağıma əmin idim. LSE kimi nüfuzlu universitetin akademik təcrübəsindən istifadə etmək böyük şans idi və mən də bu şansdan yararlandım. İkili diplomda iştirak etmək zaman baxımından da çox faydalı oldu, düşünün ki, 4 ildə 2 diploma sahib olursunuz. Təbii ki, malliyə tərəfi də çox önəmlidir. Londonda təhsil almaq böyük maliyyə vəsaiti tələb alır. Lakin UNEC-də bundan qat-qat aşağı təhsil haqqı ödəməklə beynəlxalq proqrama qoşulub, eynilə Londondakı təhsili alırsınız və həmin diplomu qazanırsız. Avropanın aparıcı universitetlərindən birinin diplomunu qazanmaq həm gələcək karyeram, həm də beynəlxalq təhsil təcrübəsinə yiyələnmək baxımından çox önəmlidir.
- LSE ilə paralel olaraq İSE-də də təhsil alırdınız, bu sizə hansısa çətinliklər yaratdımı?
-İki ixtisasdan eyni anda təhsil almaq asan deyil. Lakin, bu kimi situasiya insanda nizam-intizam və çalışqanlıq kimi mühüm xasiyyətləri inkişaf etdirir. Bəzən müəyyən mövzular üst-üstə düşürdu və iki mənbədən aldığın fərqli informasiya bir-birini tamamlayır, yeni bir öngörmə verirdi.
LSE proqramı distant təhsil olduğu üçün qiymətləndirmə tamamilə son imtahandan asılı idi. UNEC-in təhsili bu mənada daha hərtərəflidi: sərbəst işlər, kollokviumlar, seminar qiymətləri- bunların hamısı tələbəni daha gərgin qrafikdə saxlayır. Bunlara baxmayaraq, ixtisaslarımın yaxın olduğu üçün proqramlarda kifayət qədər oxşarlıqlar da var idi. Tədris dövrü boyu bizə müxtəlif şirkətlərdən savadlı, peşəkar mütəxəssislər də dərs deyiblər.
- London Universiteti/London İqtisadiyyat Məktəbinin Məzun günündə iştirak edəcəksinizmi?
-Ümid edirəm ki, qarşımıza gələn il Məzun gününün keçirilməsi mümkün olacaq. Londonda LSE-nin yay proqramında iştirak edəndə digər tələbələrin Məzun Gününün şahidi oldum. Onların necə qürur hissi keçirdiklərini görə bilirdim və həmin hissi mən də yaşamaq istəyirəm.
-Gələcək karyeranız üçün planlarınız nədir?
-Bir neçə ilə magistr pilləsindən dərəcə almağı planlaşdırıram. Fikrimcə, magistr pilləsi daha dərin ixtisaslaşma mənasına gəlir. Bunun üçün ixtisasın üzrə işləmək, hansı sahəyə marağının çox olmasını öyrənmək faydalı praktikadır. Bu səbəbdən də hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə idarəsində çalışıram. Düşünürəm ki, hər iki universitetin mənə qazandırdığı nəzəri bilikləri praktikada tətbiq etmək uğurlu yolun başlanğıcıdır.