qdf.gov.az

Ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin yer aldığı proqramda Qarabağ Dirçəliş Fondunun qısa müddət öncə ictimaiyyətə təqdim etdiyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Karabakh.Center” layihəsinin yaranması, məqsədi barədə danışılıb.

Verilişin qonaqları, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov “Karabakh.Center” internet resursunun əhəmiyyəti barədə ətraflı məlumat verib.

Rəhman Hacıyev qeyd edib ki, Qarabağ işğal altında olduğu dövrdə Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək, həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz yox idi.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə dağıntıların miqyasının necə böyük olması, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı.

Erməni işğalının Azərbaycan xalqına vurduğu zərəri uzun-uzadı təsvir etmək olar, lakin bu işğalın faciəvi nəticələrinin bariz nümunəsi “Karabakh.Center” veb-saytında təqdim olunan foto-sübutlardır. Saytın kataloqu adlandırdığımız “Urbisid” bölməsində şəhər üzərində olan genosidi açıq-aşkar görmək mümkündür.

R.Hacıyev internet resursunun “Qarabağ Mərkəzi” adlandırılmasının səbəbini izah edərkən bildirib ki, saytda “Cinayət”, “Münaqişə” və digər bölmələrdə peşəkar ekspertlər tərəfindən aparılan təhlillər, hesabatlar yerləşdirilib, bizim məqsədimiz Qarabağa vurulmuş zərər, erməni işğalı nəticəsində şəhərlərimizin dağıdılaraq “Şəhid Şəhərə” çevrilməsi, ekologiyaya dəyən zərər, qeyri-qanuni məskunlaşma və digər faktların göstərildiyi məlumatların vahid mərkəzdə toplanmasıdır. Artıq hər kəs rahatlıqla sayta daxil olub, Qarabağ həqiqətləri haqqında məlumatlar, fotosübutlarla tanış ola bilər.

Verilişin qonağı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov da “Karabakh.Center” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, bu layihə imkan verəcək ki, illərdir Erməni təcavüzkarlarının əməllərinə göz yuman ölkələrin ictimaiyyətinə bütün həqiqətləri olduğu kimi çatdıraq. Biz artıq bütün bunları təkcə illərdir prosesləri səssizcə izləyən ölkə rəhbərlərinə yox, sadə vətəndaşlara göstərməyə nail olacağıq.

Ədalət Muradov: “Azərbaycan iqtisadi cəhətdən güclü dövlətdir. Düşünürəm ki, qısa vaxt ərzində Qarabağın iqtisadi potensialı, Azərbaycanın iqtisadi gücündən yeni qüvvə alaraq, Qarabağın bərpası və yenidənqurma işlərinə öz töhfəsini verəcək”, deyə əlavə edib.

Sonda ianələr haqqında danışan Rəhman Hacıyev, bu prosesin iştirakçısına çevrilmək istəyən şəxslərin rahatlıqla ödəniş edə bilməsi üçün “İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib.

TOP XƏBƏRLƏR