A

"525-ci qəzet"

Bu il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyini qeyd edir. Bir universitetin tarixində, inkişafında, ölkə daxilində, eləcə də xaricdə yüksək peşəkarlıqla fəaliyyətini, əldə etdiyi biliklərini nümayiş etdirən, uğurlu karyerası ilə fəxarət doğuran məzunlarının yetişdirilməsində kitabxanaların yeri əvəzsizdir. Bu baxımdan UNEC kitabxanaları ali məktəb akademik kitabxanaları içərisində keçdiyi inkişaf yoluna görə ən uğurlularındandır. Elmi-ədəbi mühitin formalaşmasında UNEC kitabxanaları nəinki ölkənin, hətta regionun aparıcı akademik kitabxanalarının öncüllərindəndir.

İqtisad Universiteti kitabxanalarının qazandığı bu mövqeyini qoruyub-saxlaması onun davamlı innovasiyalara, beynəlxalq əməkdaşlıqlara açıq olması, həm zəngin resurslar, həm müasir texnologiyaların tətbiqi, həm də xidmətlərinin durmadan daha da əlçatan, komfortlu olmasına çalışmasında, beynəlxalq standartlara uyğun yenilənməsindədir. 

UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədovanın sözlərinə görə, universitetin yarandığı 1930-cu ildən kitabxana da fəaliyyətinə başlayıb. Universitetin dəfələrlə bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi kitabxananın fəaliyyətinə də təsirsiz qalmayıb, xüsusilə də kitab fonduna dəyən böyük zərərə baxmayaraq, 1966-cı ildən bərpa edilməyə və Əsaslı Kitabxana kimi işini davam etdirməyə başlayıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı, 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı və 24/7 kitabxanaları Kitabxana İnformasiya Mərkəzinin tərkibində fəaliyyət göstərirlər: “2018-ci ilin 1 noyabrında UNEC-in 24/7 kitabxanasının açılışı, adından da məlum olduğu kimi, həftənin 7 günü, 24 saat fəaliyyət göstərən bu kitabxana ölkənin akademik kitabxanaları sistemində yeni bir mərhələnin başlanmasının təməlini qoydu. Universitetin akademik heyətinin təhsil və elmi tədqiqat işlərini fasiləsiz şəkildə dəstəkləyən bu model, UNEC-in müasir təhsil yanaşmalarını və tələbələrin hər cür təhsil və tədqiqat ehtiyaclarına cavab verən şəraiti, xüsusilə gecə saatlarında intensiv şəkildə dərslərini hazırlayan, araşdırma aparanlar üçün əvəzsizdir. Kitabxana, müasir informasiya texnologiyalarından istifadə etməklə, resursların asanlıqla əldə edilməsini təmin edir. Bu model tələbələrin və akademik heyətin vaxtına qənaət etməyə və müvafiq mənbələrə fasiləsiz çıxış əldə etməyə imkan verir. Elektron resursların, jurnalların və onlayn bazaların təmin etdiyi məlumatlar, gündüz və gecə saatlarında istifadəçilərə açıqdır. Beləliklə, hər kəs, eləcə də icazəli kənar oxucu-istifadəçilər də öz iş saatına uyğun olaraq UNEC-in 24/7 Kitabxanasından faydalana bilir”.

Arzu Məmmədova bildirib ki, kitabxananın bu günədək qazandığı uğurun təməlində, xüsusilə də qorunub-saxlanmasında böyük bir məsuliyyət dayanır. Burada formalaşmış korporativ mədəniyyətdən, yaranmış kitabxana dəyərlərindən, Azərbaycanda ilk dəfə hər bir oxucu-istifadəçinin həyatında “Möhtəşəm. Yaxşı. 3-cü Məkan – Kitabxana” konsepsiyası yer alır. Fəaliyyətə başladığı dövrdən bir-birindən maraqlı, aktual, ən əsası isə tələbə və müəllimlərin iştirakı, dəstəyi ilə ərsəyə gələn çoxsaylı layihələrin olmasıdır: “Etiraf edim ki, “Səsli Kitabxana” layihəsi ilə məşhurlaşdıq desəm, yanılmaram. Çünki bu layihə respublikada bir ilk idi. Görmə məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyasına yardım göstərmək niyyəti ilə audio-kitablar hazırlamağa qərar vermişdik. Rəhbərliyin bu mövzuya xüsusi həssaslıqla yanaşması, eləcə də hər bir iştirakçının ürəklə, böyük məsuliyyətlə fəaliyyəti bu layihəni çox sevdirdi, tanıtdırdı. Layihənin hər mərhələsinin seçim turlarına UNEC tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri, həmçinin həmkar kitabxana əməkdaşlarının da qatılmaq istəyinə olduqca sevinir, növbəti layihələrə həvəslənirdik. Məhz bu layihə inklüziv kitabxana xidmətləri istiqamətində də yeni bir cığır açmış oldu. Biz beynəlxalq standartları öyrənməyə, xarici mütəxəssislərlə təcrübə-mübadilə proqramlara qatılmaqla, ali təhsil müəssisələrində yeni nəsil kitabxanaçıların yetişdirilməsində sislsilə təlimlərə ev sahibliyi etdik ki, bəlkə də bu çalışmalarımız bizim pandemiya zamanı onlayn fəaliyyətə keçidimizi daha rahat etmiş oldu. Təkcə bu dövrdə e-mail və sosial şəbəkələr üzrə 5010 oxucu-istifadəçinin sorğusu cavablandırılıb, akademik heyətin və tələbələrin mövzu üzrə müraciətləri geniş əhatəli e-materiallarla təmin edilib. Layihələr sıralamasında həm davamlılıq müddətinə, həm də reytinqinə görə sevilən-seçilən “Həftənin kitabı” layihəsidir ki, artıq 6 ildən çoxdur, davam edir. Məhz bu layihə çərçivəsində kitabxana fondunun bir-birindən maraqlı və faydalı kitabları oxuculara təqdim edilir, onlar haqqında geniş məlumat verilir. Eləcə də, “Kitabxana mənim üçün...” layihəsi kitabxana qaydalarını, onun fiziki və elektron resurslarından geniş istifadə edilməsi, kitabxananın hər bir oxucu-istifadəçinin həyatındakı əhəmiyyətli rolunu müəyyən edən ən maraqlı layihələrdəndir. Həmçinin oxucu-istifadəçilərimiz içərisində böyük maraq və həvəslə qarşılanan, həm müəllimlərin, həm də tələbələrin dəstəyi ilə yaranan “Sıra Səndə” layihəsi olub. Bu layihəyə məhz pandemiya dövründə start verdik ki, layihənin məqsədi müəllim və tələbələri profil üzrə gündəmi zəbt edən ən yeni, aktual, maraqlı akademik, Azərbaycan və dünya bədii ədəbiyyatınin inciləri ilə tanış etmək idi. Belə ki, hər bir mütaliəsevər iştirakçı oxuyub, bəyəndiyi kitabları geniş auditoriyaya təqdim edərək, estafeti digərinə ötürürdü. Tələbələrin sevimli və böyük məmnuniyyətlə iştirak etdiyi layihənin digəri “Balacalarla kitab oxuyaq”dır. Komandamız bu layihə çərçivəsində mütaliə vərdişlərini kiçiklərə aşılamaq məqsədilə periodik olaraq, uşaq bağçalarına gedir, balaca dostlarımızla kitabların insan həyatındakı əhəmiyyətindən danışır, onlara nağıllar oxuyurlar. Böyük qürur hissi ilə daha iki layihəmiz haqqında məlumat vermək istərdim ki, hər iki layihə II Qarabağ müharibəsi dövründə ərsəyə gəlib. “Qarabağ kitabxanaları” və “Qarabağ tarixi sənədlərdə” ən uğurlu layihələrimizdəndir. Düşünürəm ki, “Qarabağ tarixi sənədlərdə” layihəsi informasiya məkanında Qarabağ həqiqətlərini geniş ictimaiyyətə paylaşma imkanı olan hər birimizin vətəndaşlıq borcudur. Layihənin bəlli məqsədi vardır: müharibə sonrası müasir informasiya savaşında ermənilərin Azərbaycan tarixinə, Qarabağ tarixinə kölgə salan yalançı, saxta tarixi məlumatlarına dürüst tarixi sənədlər, mənbələrlə qarşı çıxmaq, layihə çərçivəsində əldə etdiyimiz materialları müxtəlif dillərdə oxucu-izləyicilərə təqdim etməkdir. Həmçinin fəxrlə “Qarabağ Kitabxanaları” layihəsi haqqında deyə bilərəm ki, bu da ölkədə bir ilk idi. Bizə qədər bununla bağlı elə də ciddi araşdırmalar aparılmamışdı və sevindirici tərəf ondan ibarətdir ki, bu gün Qarabağ kitabxanalarının bərpası, yenilənməsi gündəmdədir, hər birimiz də bu istiqamətdə var gücümüzlə çalışmağa hazırıq. Kitabxanamızı digərlərindən fərqli edən, bizimlə birgə çalışan, uğurlarımızda danılmaz yeri olan, nəhayət, qəlbində bu məkana, məsələyə sevgi payı ilə seçilən kitabxana könüllülərimizdir”.

Kitabxanasının müdirinin dediyinə görə, 24/7 kitabxanasının layihəsi 2017-ci ildən həyata keçirilməyə başlamış və 2018-ci ilin may ayında başa çatmış və açılış gününə kimi tamamlama işləri görülmüşdür. Bu müddət ərzində məhz kitabxana könüllüləri yanımızda olub, öz yardımlarını əsirgəməyiblər. Hazırda 22-yə yaxın könüllü tələbə və müəllimimiz var. Könüllülərimizin kitabxanamıza olan böyük sevginin təcəssümünü keçən il avqustda bayrağımızın Bazardüzü zirvəsində dalğalanması ilə gördük. Bir kitabxana rəhbəri kimi hər dəfə bu hadisəni qürur və sevinclə xatırlayıram. Çünki bayrağı zirvələrdə dalğalanan ilk kitabxanayıq: “Qeyd etməliyəm ki, UNEC-in 24/7 Kitabxanası fəaliyyətini ölkəmizin və universitetin təsdiq edilmiş cari ili çərçivəsində hazırladığı tədbirlər planı üzərindən təşkil edir. 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsindədə maraqlı, faydalı layihələr həyata keçirilib. Belə ki, dünyanın aparıcı ekoloji təmiz və dayanıqlı kitabxanaları haqqında araşdırmaları məqsədi daşıyan “Yaşıl kitabxana” layihəsinin 12 buraxılışını mütəxəssislərə, geniş ictimaiyyətə təqdim edib. Həmçinin, “Gələcəyi qoruyaq!” layihəsi çərçivəsində ilboyu kitabxana toplanmış 10 minə yaxın birdəfəlik su stəkanları ilə “Tullantıları hədiyyəyə dəyiş” festivalına qatılıb. Eləcə də UNEC-in tələbələri bu stəkanlardan Yeni ildə yolka hazırlayaraq, “Tullantıdan sənətə” aksiyasında iştirak ediblər. Kitabxananın kuratorluğu ilə UNECCLUBRARY kitab klubunun təsis edilməsi və geniş fəaliyyəti təqdirə layiqdir. Hər dəfə dönüb geriyə baxanda arxada qoyduğumuz işlərlə qürurlanmışıq. Öz prinsiplərimizə həmişə sadiq qaldıq: inkişaf etdik, xidmətlərimizi yenilədik, daha da təkmilləşdirdik, əməkdaşlıqlarımızı genişləndirdik, oxucu-istifadəçilərimizə durmadan yardım göstərməklə bərabər, davamlı yanlarında olmağa çalışdıq, necə deyərlər, hər birisi üçün doğma evi qədər rahat olan, inandığı, güvəndiyi, sevdiyi 24/7 ailəsi yaratdıq. Onların əldə etdikləri uğurlarda az da olsa, dəstəyimiz, əməyimiz varsa, nə xoş bizə. Yeni nəsil kitabxanaçıların yetişməsinə verdiyimiz töhfə isə ən çox qürurlandığımız üstünlüklərimizdəndir. Əgər “müasir kitabxanaçılar”, “kreativ kitabxanaçılar”, “rəqəmsal kitabxanaçılar” sırasında bizim mütəxəssislərın bəlli bir yeri, örnək nümunəsi varsa, xidmətlərimiz və təcrübəmiz elmi kitabxanalarda tətbiq edilirsə, deməli, qarşıya qoyduğumuz məqsədlərə doğru düz yoldayıq”.

TOP XƏBƏRLƏR