A

525-ci qəzet

İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti "Açıq qapı" günü keçirilib. 

"Açıq qapı" da UNEC rektoru, professor Ədalət Muradov "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid və millət vəkili Fazil Mustafa ilə birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinləyib. 

Qəbul zamanı 40-a yaxın müraciətə baxılıb. Müraciətlər əsasən təhsil haqqı borcu, imtahan vaxtının dəyişdirilməsi, təkrar imtahan keçirilməsi, qayıb limiti, imtahan nəticələrinin artırılması, işə qəbul, təkrar imtahan təşkili ilə bağlı olub. Tələbələr sərbəst şəkildə, çəkinmədən üzləşdikləri çətinliklər barədə rektora məlumat veriblər. Müraciətləri diqqətlə dinləyən rektor tələbələrə cavab olaraq məsələlərin araşdırılacağını və nəticə haqda onlara məlumat veriləcəyini bildirib.

Sonra Ədalət Muradov müraciətlərin həlli və obyektiv araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Tələbə və valideynlər yaradılan bu şəraitə, problemlərinin həllində göstərdiyi köməkliyə görə Ədalət Muradova öz minnətdarlıqlarını bildiriblər.

"Açıq qapı" günü ilə bağlı təəssüratlarını bölüşən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, ikinci dəfədir UNEC-də keçirilən "Açıq qapı"da iştirak edir. Hər dəfə də universitetdə müsbət yönə baş verən dəyişikliklərin şahidi olur: "Ötən il də "Açıq qapı"da rektorla birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinlədik. Ö zaman da Azərbaycan Dövlət İqtisad Universitetindəki dəyişikliklərdən heyrətləndiyimi bildirmişdim. Doğurdan da keçmişdə bir çox neqativ məqamlarnan xatırladığımız "narxoz"dan əsər-əlamət qalmayıb". R.Məcidin sözlərinə görə, budəfəki qəbulda rektor Ədalət Muradovun əzmkarlığını, başladığı işi iradəylə davam etdirməsini müşahidə edib: "UNEC-də yekdil, işgüzar komanda formalaşıb, saf və təmiz, bir az da utopik görünən ideya ətrafında həmrəylik var. Qəbula gələn tələbələrin bir çoxunun şikayətlərinin obyektiv səbəbləri var idi. Bu, universitetdən, rektordan, hətta Təhsil Nazirliyindən də asılı məsələ deyil. Nazirlər Kabinetinin təsdiq etdiyi təlimatlardan gələn çatışmazlıqlardan doğurdu. Hiss olunurdu ki, rektor daha yuxarı instansiyalar qarşısında məsələni qabardıb və yenə də bu niyyətlə addımlar atmaq fikrindədir. Tələbələrin haqsız, qaydalardan kənar xahişləri əsaslandırılmış şəkildə rədd ediləndə də tələbələr razı qalırdılar. Bu da qaydaların heç bir şərt daxilində pozulmayacağı əminliyini yaradırdı. Obyektivlik və ədalət hissi ən üstün idi, hansısa məqamda müəllimlərin fəaliyyətinə şübhə yaranırdısa araşdırılmaq tövsiyə edilirdi. Tələbələrin haqsız tələblərindən də kübarlıqla imtina olunurdu. "Açıq qapı"da kəskin rəqabətin, tələb olunan yüksək kriteriyaların bəzi öz üzərində çalışmayan, tələblərlə ayaqlaşmayan müəllimlərin şikayətlərindəki haqsız məqamlar da üzə çıxırdı. Rektorun universitet əməkdaşlarının sosial problemlerlə bağlı müraciətlərinə də həssaslıqla yanaşması da məmnunluq yaratdı. Mən UNEC rəhbərliyinə təhsilimizin səviyyəsini artırmaq, yeni yüksək tələblər şəraitindəki çətin fəaliyyətində səbr, iradə və yorulmaz zəhmət arzulayıram".

Millət vəkili Fazil Mustafa isə bildirib ki, ali təhsil müəssisəsində istər dərs, istər imtahan, istərsə də "Açıq qapı" günlərinin ictimaiyyət nümayəndələrinə açıq keçirilməsi dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir: "UNEC bu sahədə uğurla irəliləyir. Həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm də tələbə məmnuniyyətinin önə çəkilməsində UNEC-də mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik və bu, qürurvericidir. Əminəm ki, qısa müddətdə UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq".

Millət vəkilinin sözlərinə görə, çox şəffaf və açıq formada "Açıq qapı"ya müraciət edən hər kəsin problemlərinin dinlənilməsi və onların yerindəcə öz həllini tapması bürokratik əngəlləri ortadan qaldıran ən doğru metodlardan biridir: "Müraciətlərin dinlənilməsi zamanı müəyyət dərəcədə qaydalarda, normativ sənədlərdə praktik nöqsanların olduğu da müəyyən olundu. Bu nöqsanların müəyyən dərəcədə aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacib olduğu deyildi. Düşünürəm ki, bütün universitetlərdə UNEC-in semestr imtahanları boyunca hər həftənin 6-cı günü keçirdiyi "Açıq qapı" ənənəsi tətbiq olunmalıdır. Təhsil sahəsində inkişafla bağlı praktik açılımların, müəyyən natamamlıqların ortadan qaldırılması imkanlarının məhz bu formatda üzə çıxmasına nail olunsun. Mən rektor, professor Ədalət Muradovun bu istiqamətdəki təşəbbüskar fəaliyyətini yüksək qiymətləndirirəm. Bu, təkcə bir rektorun nümunəsi deyil, həm də rektor obrazının müəyyən dərəcədə tələbə üçün dəyişməsi modelidir. Yəni tələbə bu gün rektoruna çəkinmədən, rahatlıqla müraciət edə bilir. İctimaiyyətə açıq şəkildə müraciətlərə baxılır və müvafiq qaydalara uyğun addımlar atılır. Hətta bəzi həssas məqamlarda, yəni sıxıntısı, çətinliyi olan tələbəyə fərdi yanaşılır. Bəzən qaydaların üzərindən keçilir və rektor bu məsuliyyəti öz üzərinə alaraq tələbəyə köməklik edir. Bu da doğrudan da da çox sevindirici haldır. Çünki hər şeydə bürokratik maneənin güdazına vermək doğru deyil".

S.QARAYEVA

TOP XƏBƏRLƏR