Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AzEdu.az xəbər verir , KİV nümayəndələri, təhsil ekspertləri və İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyib, UNEC-də qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Şura üzvləri və müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımı şəraitin yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.
“SABAH” qruplarında aparılan yazılı imtahanda 300-dən çox tələbə iştirak edib.
Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb.
İmtahan prosesini izləyən ictimai Nəzarət Şurasının üzvü, təhsil eksperti Şahlar Əsgərov deyib ki, təhsil prosesi iki hissədən ibarətdir: biliklərin ötürülməsi və qiymətləndirilməsi. Biliklərin ötürülməsi auditoriyalarda baş verir, müəllim olur subyekt, tələbə olur obyekt və subyekt öz biliklərini obyektə ötürür. Ən vacib işlərin biri də budur ki, bu ötürülmə prosesində gənclər necə mənimsəyib. Bu çox əhəmiyyətlidir. Ona görə imtahanlar təhsil prosesinin çox incə məsələlərindən biridir. Bu incə məsələlərdə subyektiv qərarlar çox olur, bəzən sui-istifadə halları olur. Bunun üçün imtahan prosesini cəmiyyətə açmaq lazımdır. Bunu açmağın da ən vacib yollarından biri ictimai şuralar təşkil etmək və ictimai şuraları bu işə cəlb etməkdir. Bu gün yeni təşkil olunmuş ictimai şuranın təqribən birinci iclasıdır. Biz gəldik bura həm iclasımızı keçirdik, həm də imtahan prosesini izlədik”.
Şahlar Əsgərov deyib ki, auditoriyada tələbələr üzündə qəzəb görsənmirdi.
“Əsas o idi ki, tələbələr şəffaf şəkildə imtahanlarını verirdilər. Hansısa gərginlik müşahidə olunmadı. Bu isə hədsiz dərəcədə əhəmiyyətlidir. İmtahan zamanı tələbələrin elektron cihazları toplanıb bir kənara qoyuldu. Tələbələr sərbəst şəkildə sualları cavablandırırdılar. Tələbərin bəziləri ilə də ayaqüstü söhbət etdim, gördüm ki, hazırlıqlıdırlar və imtahan prosesindən razı idilər. Bu çox gözəl sistemdir”.