A

Mühəndislik fakültəsinin bir qrup müəllimi “Ekologiya mühəndisliyi” ixtisasının tələbələri ilə birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olublar.

Mühəndislik və tətbiqi elmlər kafedrasının ixtisas rəhbəri Mövlud Hüseynov, dosentlər Gəray Mirzəyev, Azər Hüseynov, Maya Kərimova, Ramil Sadıqov, Lalə Quliyeva, Fəridə Quliyeva, Sənubər Quliyeva və Kəmalə Mustafayevadan ibarət nümayəndə heyəti ilə ETİ-nin direktoru aqrar elmlər doktoru Vüqar Səlimov və institutun əməkdaşları arasında görüş keçirilib. Görüşdə elmi tədqiqat işlərində hər iki qurumun mövcud potensialından istifadə edilməsi, birgə analiz və araşdırmaların aparılması barədə fikir mübadiləsi aparılıb.

Müəllim-tələbə heyəti “Aqrokimya” laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Ampeloqrafik Kolleksiya Bağında olan tələbələrə aqrokimyəvi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, 22 hektarlıq bağda 320-dən artıq aborigen, hibrid və introduksiya olunmuş sortlar əkilib-becərilir.

Sonra “Ekologiya mühəndisliyi” ixtisasının əməkdaşları tərəfindən büdcə təyinatlı elmi-tədqiqat işinin planına uyğun olaraq, torpaq nümunələri əsasında analizlər aparılıb.

Görüşün sonunda institutun “Aqrokimya” laboratoriyasında tələbələrin istehsalat təcrübəsinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

TOP XƏBƏRLƏR