“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Ətraf mühitin auditi” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən bəhs edərək, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası Hesablama Palatasının “Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi” şöbəsinin müdiri, dosent Azim Abasov “Ətraf mühitin auditi” mövzusunda geniş təqdimatla çıxış edərək, ətraf mühit üzrə ölkədə əsas priroritet istiqamətləri sadalayıb. O, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində qəbul edilmiş qanunvericilik aktları, inkişaf strategiyaları, tədbirlər planı və dövlət proqramları, 2023-2025-ci illər üçün ekoloji siyasətin əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər, ətraf mühit üzrə dövlət fondları və beynəlxalq birgə fəaliyyətlər barədə ətraflı məlumat verib. A.Abasov Hesablama Palatası tərəfindən aparılan auditlərdən də söz açaraq, tələbələri ətraf mühitə dair audit fəaliyyəti ilə yaxından tanış edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.