UNEC ilə GİLTEX MMC arasında əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim heyətinin GİLTEX MMC-yə səfəri baş tutub.
Müəllimlər MMC-nin istehsalat sahəsi, iplik, toxuma, hörmə, boya fabrikləri, təcrübə-sınaq laboratoriyaları ilə tanış olublar.
GİLTEX MMC-nin rəhbər struktur və digər əməkdaşları ilə görüşdə Mühəndislik fakültəsinin dekanı Elçin Səmədov, Dizayn məktəbinin direktoru Lalə Məmmədova, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri Rövnəq Rzayev, "Dizayn" kafedrasının müdiri Elfanə Qasımova, müəllimlər əməkdaşlıq istiqamətləri haqqında geniş fikir mübadiləsi aparıblar, "Sənaye mühəndisliyi" ixtisasının Tekstil mühəndisliyi istiqaməti ilə bağlı fənləri, sillabusları müzakirə ediblər, məşğələ və laboratoriya dərslərinin, istehsalat təcrübəsinin praktik yönümlü keçirilməsi və birgə elmi-tədqiqatların aparılması imkanlarını nəzərdən keçiriblər. Tərəflər əməkdaşlıqla bağlı qarşılıqlı təkliflər irəli sürüblər.
Mühəndislik fakültəsinin tələbələrinin istehsalat təcrübəsinin ölkənin tekstil sənayesinin ən böyük müəssisələrindən olan GİLTEX MMC-də keçirilməsi barədə razılıq əldə olunub, müasir bazarın tələblərini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi istəyini hər iki tərəf xüsusilə vurğulanıb.