Oktyabrın 8-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Böyükağa Şahverdiyevin yaşadığı Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində anım günü keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Mehriban Kərimzadə və fakültənin elmi katibi İlhamə Mahmudova şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirəsini yad ediblər.
Böyükağa Şahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Böyükağanın müharibədəki vəzifəsi minaatan olub. Çoxsayda düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində iştirak edib.
Böyükağa Şahverdiyev 2020-ci il oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Biləsuvarın “Cəbrayıl qəsəbəsi”ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub.
Böyükağa Savalan oğlu Şahverdiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.