UNEC-də Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib. Dərslərdə Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
İqtisadiyyat və İdarəetmə, Mühəndislik, Biznes və Menecment, Rəqəmsal İqtisadiyyat, Türk Dünyası İqtisad fakültələrində, Beynəlxalq İqtisadiyyat Məktəbində, Rus İqtisad Məktəbində, UNEC Dizayn Məktəbində, UNEC Bİznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində, Ümumi fənlərin tədrisinin təşkili departamentində, “Humanitar fənlər” kafedrasında keçirilən xüsusi dərslərdə Xocalı faciəsindən danışılıb. Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğu, diqqətə çatdırılıb.
Qeyd olunub ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Xüsusi dərslərdə 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən də bəhs olunub. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatdığından, 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olan xalqımızın mübarizə əzminin qırılmadığından söz açılıb.
Çıxış edənlər Xocalı şəhərinin ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut edib.