A

Mühəndislik fakültəsində fakültənin mentorları və tələbələrin iştirakı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir-təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov müasir dövrdə bəşəri bəlaya çevrilən narkomaniyanın qlobal problem kimi bütün dünyada narahatlıq doğurduğunu bildirib. O, bu istiqamətdə ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkotik maddələrin istifadəsindən qorunmaq üçün profilaktik tədbirlərin keçirilməsinin, mübarizə istiqamətlərinin genişləndirilməsi və “802” zəng xidməti haqqında söz açıb. O, narkotik asılılığın fəsadlarına, istifadəçilərin fiziki və davranış əlamətlərinin  təsvirinə də yer verərək, antinarkomaniya mövzusunda çıxışını tamamlayıb.

Sonra Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev gənclərlə iş istiqamətində fakültənin mentorlarına risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi istiqamətində tövsiyələrini verib.

 

TOP XƏBƏRLƏR