A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunan tədbir keçirilib.

Soyqırım qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan departament direktoru dosent Gülnarə Rzayeva tarix boyu erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı atdıqları məkrli addımlardan söz açıb.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov və kafedranın dosenti Yusif Fərzəliyev çıxış edərək, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və soyqırım nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini bildiriblər.

Məruzəçilər ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyiblər. 1918-ci il 31 mart soyqırımının Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıblar.

 

TOP XƏBƏRLƏR