Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin və Azərbaycan Türkiyə Gəncləri Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə birlikdə 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti ictimai birliyinin sədri Hakan Seyhan, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit, fakültə dekanları, professor-müəllim heyəti, səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce, 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramının mənası və əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, 19 may Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Qurtuluş Mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda, bu gün gənclik və idman bayramıdır.
UNEC-in Tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti ictimai birliyinin sədri Hakan Seyhan tədbirdə çıxış edərək, Mustafa Kamal Atatürkün Samsun səfərindən danışıblar, Gənclik və İdman Bayramının önəmindən söz açıblar.
Tədbir bədii hissə ilə davam edib.
Tədbirin sonunda tələbələrə türk mətbəxindən yeməklər və şirniyyatlar təqdim olunub.