2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “COP29: Ətraf mühitin müdafiəsində yeni mərhələ” mövzusunda seminar təşkil edilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıb və bu mötəbər tədbirin yaşıl dünyamızı qorumaq baxımından bütün dünya ölkələri üçün çox faydalı olacağını vurğulayıb.
“AA Services” şirkətinin Biznesin İnkişafı üzrə Meneceri Fərid Əmrahov “COP29: Ətraf mühitin müdafiəsində yeni mərhələ” mövzusunda çıxış edərək, ötən illərdə sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə və əhalinin sağlamlığına mənfi təsir göstərən səbəblərdən birinin də ətraf mühitə atılan zərərli tullantıların həcminin artması olduğunu bildirib, müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi, sənaye və məişət tullantılarının, çirkab sularının təmizlənməsi, qazma şlamının zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi istiqamətində aparılan işlərdən danışıb və COP29-un Azərbaycanda keçirilməsi nəticəsində bütün Qafqazda, Xəzəryanı ölkələrdə ekologiyanın, ətraf mühitin müdafiəsi istiqamətində yeni strategiyaların və yeni hədəflərin gündəmə gətiriləcəyini qeyd edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.