A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi tərəfindən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində fakültə dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Abşeron rayonunun Məmmədli kəndində yerləşən “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələrə Yanar dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən bu təbiət abidəsi haqqında çoxlu əfsanələr, bu təbiət möcüzəsini bu günə kimi nə yağışın, nə qarın, nə də çovğunun söndürə bilmədiyi barədə məlumat verilib. Bildirilib ki, Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 may 2007-ci il tarixli 2141 nömrəli Sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

Ölkə başçısının 17 iyul 2018-ci il tarixli Sərəncamına əsasən “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yenidən qurulub, abidənin ərazisində müasir turizm infrastrukturu yaradılıb.

Ekskursiya zamanı tələbələr həmçinin “Yanar dağ”ın müasir qapalı muzeyində ənənəvi muzey eksponatları ilə yanaşı, bəzi təbiət abidələrinin 3D maketləri, videoinstallyasiyalar və videoçarxlarla tanış olublar.

Sonda tələbələrin təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib və gənc nəslin milli-mənəvi dəyərlərimizə yaxından bələd olması üçün belə ekskursiyaların böyük əhəmiyyəti olduğu bildirilib.

TOP XƏBƏRLƏR