A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda İqtisadiyyat və Sosial Elmlər sahəsində Tədqiqatçıların II Beynəlxalq Konfransı (ICRESS-2025) öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Elçin Eyvazov iştirakçılara tədbir barədə ətraflı məlumat verərək, konfransın işinə uğurlar arzu edib. O, bildirib ki, konfransa ümumilikdə 9 bölmə üzrə 200-dən çox məqalə təqdim olunub və onlardan seçilərək 185 məqalə nəşrə qəbul edilib. Həmçinin ABŞ, Çin, Macarıstan, İtaliya, Türkiyə və digər ölkələrin tədqiqatçılarından daxil olan 32 xarici məqalənin də konfrans materiallarında yer aldığı diqqətə çatdırılıb.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev çıxışında sürətlə dəyişən qlobal mühitdə elmi araşdırmaların gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, konfransın elmi əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını ifadə edib və iştirakçıların konfransa marağını yüksək qiymətləndirib.

Sonra xarici tədqiqatçılara UNEC-in son illərdə əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx təqdim olunub.

Tədbirin plenar iclasında müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış alimlər iqtisadiyyat və sosial elmlərin aktual istiqamətlərinə dair məruzələrlə çıxış ediblər.

İlk olaraq Obuda Universitetinin Biznes və menecment fakültəsinin dekanı, professor Monica Grai-Fodor “İstehlakçıların korporativ sosial məsuliyyətin qiymətləndirilməsi” mövzusunda təqdimat edərək, şirkətlərin sosial məsuliyyət təşəbbüslərinin istehlakçı davranışına təsirlərini təhlil edib.

Daşkənd Dövlət İqtisad Universitetinin professoru Raya Karlibayeva “ESG iqtisadiyyat transformasiyası şəraitində resursların idarə edilməsi” adlı məruzəsində dayanıqlı inkişaf çərçivəsində resurs bölgüsü və idarəetmə mexanizmlərinə toxunub.

Riqа Texniki Universitetinin professoru Tatyana Tambovceva “Dairəvi iqtisadiyyat üçün beton sənayesində sənaye simbiozu imkanlarının genişləndirilməsi” mövzusunda çıxış edərək, tikinti sektorunda ekoloji yükün azaldılması istiqamətində tətbiq olunan innovativ həllərdən bəhs edib.

Türkiyənin Hacı Bayram Vəli Universitetinin dosenti Dr. Fatih Hakan “Azərbaycan əmək bazarında kəmiyyət uğuru və keyfiyyət həssaslıqları” gender bərabərliyi məsələlərini statistik qiymətləndirmələr əsasında təqdim edib.

Universitetin digər professoru Atilla Gökçe “Neft qiyməti və neft qiyməti qeyri-müəyyənliklərinin Azərbaycanın iqtisadi artımına dinamik təsirləri” mövzusunda apardığı tədqiqatların nəticələrini diqqətə çatdırıb.

Al-Farabi Qazax Milli Universitetinin professoru Atilla Gökçe “Sahibkarlıq potensialının inkişafında insan kapitalının rolu: ESG prinsipləri, startap infrastrukturu və rəqəmsal transformasiya” adlı çıxışında müasir iqtisadi inkişaf modellərini şərh edib.

Lanzhou Maliyyə və İqtisad Universitetinin professoru Xu Jing isə “Əkin sahələrinin parçalanması ilə sistem dayanıqlığı arasındakı məkan-zaman əlaqəsi” mövzusunda təqdimat edərək kənd təsərrüfatında struktur dəyişikliklərinin ekoloji davamlılıqla əlaqəsini təhlil edib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, ICRESS-2025 konfransı 5 dekabr tarixinədək davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay