A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrinin Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti Asma Resmouki ilə görüşü keçirilib.

Maliyyə və mühasibat fakültəsinin, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) və SABAH Mərkəzinin tələbələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, “Maliyyə” və “Mühasibat” ixtisaslarında tədris olunan fənlərin tədris proqramları barədə məlumat verib. O, fənlərin beynəlxalq peşəkar kvalifikasiyalara uyğunlaşdırıldığını vurğulayıb və bu cür görüşlərin tələbələrin peşə kompetensiyalarının formalaşdırılmasında və karyera inkişafında önəmli rol oynadığını qeyd edib.

Görüş zamanı xanım Asma Resmouki Beynəlxalq Mühasiblər Federasiyasının əsas strateji məqsədləri barədə ətraflı məlumat verib. Eyni zamanda təmsil etdiyi qurumun yüksək keyfiyyətli standartların yaradılması və təkmilləşdirilməsi, uçot və hesabatlılığın təşviqi, müvafiq tədqiqatların aparılması və məqalələrin hazırlanması sahəsində gördüyü işlərdən danışıb və mühasib peşəsinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini söyləyib.

Diskussiya şəklində davam edən tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR