A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Liderlik: peşə keyfiyyətləri və şəxsi inkişaf” mövzusunda təlim keçirilib.

Təlimi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, hal-hazırda ali təhsil sistemi qarşısında duran əsas vəzifələrdən birinin şəxsiyyətin peşəkar və şəxsi inkişafı, o cümlədən liderlik keyfiyyətlərinin təzahür etməsi üçün imkanların yaradılması olduğunu bildirib, bununla da təhsil müəssisələrində tələbələrin peşəkar və şəxsi inkişafına nisbətən konkret fənlər üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə daha çox diqqət yetirdiklərini qeyd edib.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva, psixoloqlar Mərziyə Əzməmmədova və Küşvər Abdullayeva çıxış edərək, liderlik keyfiyyətlərinin şəxsiyyətin inkişafında, onun təşkilatçılıq, təşəbbüskarlıq və s. üzrə mövcud potensialının reallaşması istiqamətində vacib proses hesab olunduğunu söyləyiblər. Fəal həyat mövqeyinə malik tələbə liderlərin təhsil aldıqları universitetin, eləcə də ölkəmizin ictimai həyatında yaxından iştirak etməklə gələcəkdə uğurlu mütəxəssislər ola biləcəklərini vurğulayıblar. Tələbə kollektivinin şəxsiyyətin liderlik keyfiyyətlərinin formalaşması prosesinə uğurlu təsirinin, onun fərdi-psixoloji xüsusiyyətlərinin məcmusu ilə bağlı olduğunu qeyd edərək liderlik bacarıqlarının inkişaf etdirilməsi yollarından bəhs ediblər.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR