A

UNEC-in 95 illik yubiley tədbirləri çərçivəsində Kitabxana-İnformasiya Mərkəzi və “Biznesin idarə edilməsi” kafedrasının birgə təşkilatçılığı ilə Stokholm İqtisadiyyat Məktəbinin məzunu Abbas Abbasovun və Vladimir Klimovun müəllifi olduğu “B4B: Business for business” kitabının təqdimatı keçirilib.

Təqdimatda UNEC Biznes məktəbinin və struktur bölmələrin əməkdaşları, eləcə də, Maliyyə və Mühasibat, Biznes və menecment fakültəsinin tələbələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru prof.Rövnəq Rzayev UNEC-də mütəmadi kitab təqdimatlarının keçirildiyini xatırladaraq, tədqiqat yönümlü, innovativ və elmin inkişafına xidmət edən layihələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Prorektor diqqətə çatdırıb ki, UNEC-in professor-müəllim heyəti və təhsilalanların sənəd-informasiya resurslarına əlyetərliyinin artırılması istiqamətində davamlı işlər görülür. O, Azərbaycan dilində elmi ədəbiyyatların azlıq təşkil etdiyi bir vaxtda aktual nəşrlərin yayılmasına və Kitabxana-İnformasiya Mərkəzinin fondunun zənginləşdirilməsinə verdiyi töhfəyə görə layihə müəlliflərinə təşəkkürünü bildirib.

Abbas Abbasov kitabın yaranması ideyası və nəşrin yazılmasında istifadə olunan yanaşmalar, biznesin idarə edilməsi, strategiyanın qurulması, o cümlədən, dünyanın aparıcı şirkətlərində davamlı rəqabət üstünlüyünün yaradılması məqsədilə istifadə olunan “B4B” konsepsiyasının xüsusiyyətləri haqqında geniş təqdimatla çıxış edib. Müəllif qeyd edib ki, kitabın yazılmasının əsas məqsədi müasir və uğurlu şirkətlərin innovativ idarəetmə modellərinin öyrənilməsindən ibarət olmuşdur.

Müzakirə formatında davam edən tədbirdə “Biznesin idarə edilməsi” kafedrasının müəllimləri kitabda yer alan müxtəlif elmi tədqiqat predmetləri və nəticələrlə bağlı fikirlərini bildirib, eyni zamanda müəllifi böyük uğur münasibətilə təbrik edərək kitabın gələcək nəşrləri üçün tövsiyələrini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarına müəllif tərəfindən imzalı kitablar hədiyyə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay