QS və Exeter Universitetinin birgə təsis etdiyi Future17 beynəlxalq proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün info-sessiya təşkil olunub.
Sessiyada UNEC-in bakalavr və magistratura pilləsi üzrə təhsil alan tələbələri iştirak ediblər. Görüş zamanı tələbələrə Future17 layihəsinin strukturu, məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Tədbirdə layihənin rəhbəri Zoya Zaitseva UNEC tələbələrini salamlayaraq Future17 proqramı haqqında təqdimatla çıxış edib. O, layihənin fəaliyyət müddəti, məqsədi və iş prinsipi barədə geniş məlumat verib. Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb.
Future17 layihəsi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) çərçivəsində ali təhsil və əmək bazarını bir araya gətirən əsaslı qlobal təhsil proqramıdır. Layihə tələbələri, akademik mentorları və biznes tərəfdaşlarını aktual dayanıqlılıq problemlərinin həlli istiqamətində əməkdaşlığa cəlb edir.
Future17 proqramının tərəfdaş ali təhsil müəssisələri sırasında UNEC-lə yanaşı Exeter Universiteti (Böyük Britaniya), Stellenbosch Universiteti (Cənubi Afrika), Auckland Universiteti (Yeni Zelandiya), Satbayev Universiteti (Qazaxıstan), Hong Kong Çin Universiteti (Çin) və digər nüfuzlu universitetlər yer alır.