Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Universitet Daxili İki Diplom (UDİD) proqramını uğurla başa vuran məzunlarla görüş keçirib.
Tədbirdə professor Ədalət Muradov proqramın əhəmiyyətindən bəhs edərək, UDİD-ə qoşulan və dörd il ərzində iki müxtəlif ixtisas üzrə diplom əldə edən bakalavrları təbrik edib. Rektor qeyd edib ki, bu proqram məzunların eyni vaxtda iki ixtisas üzrə bilik və bacarıqlara yiyələnməsinə şərait yaradaraq onların əmək bazarında rəqabətqabiliyyətliliyini və çevikliyini artırır.
Ə.Muradov vurğulayıb ki, proqram çərçivəsində təhsil alan 39 tələbədən 7-si maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi və iqtisadiyyat kimi ixtisaslar üzrə iki diplom əldə edib. Ədalət Muradov UDİD proqramının gələcəkdə daha geniş əhatə dairəsinə sahib olacağını diqqətə çatdıraraq, bu proqramın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə UDİD proqramının ilk məzunları da çıxış edərək, təəssüratlarını bölüşüb, proqramla bağlı təkliflərini səsləndiriblər.