Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində fakültənin fəxri məzunu, “CERTSPMC Services Limited” şirkətinin direktoru Nazim Hüseynovla görüş təşkil edilib.
Tədbir zamanı Nazim Hüseynov tələbələrlə öz karyera yolu və təcrübəsini bölüşüb, iş dünyasında baş verən proseslər, müasir dövrdə uğurlu karyera qurmağın yolları, şəxsi inkişafın vacib aspektləri barədə ətraflı məlumat verib. O, xarici dil bilikləri və rəqəmsal bacarıqların əhəmiyyəti, sosial əlaqələrin qurulması, beynəlxalq sertifikatların qazandırdığı üstünlüklər və iş fəaliyyətində qarşılaşılan problemlərin həlli yolları ilə bağlı da dəyərli tövsiyələrini paylaşıb.
Çıxışı zamanı Nazim Hüseynov, eyni zamanda, vaxtın səmərəli idarə olunmasının və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyin vacibliyini vurğulayıb.
Görüş tələbələrin böyük marağına səbəb olub və sonda iştirakçıların sualları cavablandırılıb.