UNEC nəzdində Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir təşkil olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri Natiq Musayev çıxışında Ulu Öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etməklə Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, qeyd edib ki, müasir, güclü Azərbaycan dövlətinin əsası məhz Ulu Öndər tərəfindən qoyulub və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Kollecin direktoru Şəhriyar Laçınov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb və onun təşəbbüsü ilə qəbul olunmuş 1995-ci il Konstitusiyasının dövlət quruculuğunda xüsusi rolunu qeyd edib.
Tədbirdə tələbələrin iştirakı ilə keçirilən "Sən elə bir zirvəsən" ifa müsabiqəsinin qalibləri mükafatlandırılıb, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videomateriallar nümayiş etdirilib, şeirlər və mahnılar səsləndirilib.