A

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və mərkəzin Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli Saatlı rayonunun ən uzunömürlü sakini, Şirinbəyli kəndində yaşayan və mənşəcə Axıska türkü olan 106 yaşlı Nəcimova Yaxşı Ələddin qızını ziyarət ediblər.

Ziyarət zamanı Səbuhi Tanrıverdiyev Yaxşı nənənin səhhəti ilə maraqlanıb, övladları ilə birlikdə onun keşməkeşli və fədakar ömür yolu barədə geniş söhbət aparılıb. Bildirilib ki, Yaxşı nənə 6 bacıdan biri olub. Ataları II Dünya müharibəsi başlayanda cəbhəyə yollanıb. Ardınca Stalinin qərarı ilə Axıska türkləri "etibarsız millət" elan olunaraq, 1944-cü ildə doğma torpaqları olan Gürcüstandan deportasiya ediliblər. Yaxşı nənə də ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilib.

Stalinin ölümündən sonra Axıska türklərinə "deportasiya olunmuş xalq" statusu verilsə də, onların Gürcüstana qayıtmasına icazə verilməyib. Yaxşı nənə və yaxınları əvvəlcə 1958-ci ildə Qax rayonuna, daha sonra isə 1961-ci ildə Axıska türklərinin sıx yaşadığı Saatlı rayonunun Şirinbəyli kəndinə köç ediblər.

Görüşdə iştirak edən Şirinbəyli kənd orta məktəbinin direktoru və kənd icra nümayəndəsinin müavini Saatlı rayonunda 20.000-dən çox Axıska türkünün yaşadığını, təkcə Şirinbəyli kəndində bu icmanın 2.500-dən çox sakini birləşdirdiyini bildiriblər.

Səbuhi Tanrıverdiyev ziyarətin UNEC-in "95 illik yubileyə 95 xeyirxah iş" layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edib və Yaxşı nənəyə möhkəm can sağlığı arzulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay