A

08 may 2025-ci tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan Quruculuğu Strategiyası” adlı təhsilalanların (bakalavr, magistr və doktorant) və gənc tədqiqatçıların elmi-praktiki konfransının “Müasir əmək bazarının tələblərinə uyğun yeni nəsil iqtisadçıları: Rəqəmsal dövrün çağırışları və fürsətləri” adlı bölmə iclası İqtisadiyyat və idarəetmə fakültəsinin və tələbə elmi cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Əmək bazarının dəyişən tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə keçirilən tələbə elmi konfransının bölmə iclasında İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Elçin Eyvazov çıxış edərək bildirib ki, konfrans tələbələrin elmi fəaliyyətin təşviqində mühüm rol oynayır.

Rus İqtisad Məktəbinin dekanı, dos. Mənsur Bərxudarov konfransın işinə uğurlar arzulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi irsinin öyrənilməsi, o cümlədən müasir əmək bazarında gənclərin layiqli iş imkanlarının yaradılmasında insan kapitalının rolu xüsusilə əhəmiyyətlidir.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin müdiri, professor Zahid Məmmədov bölmə iclasında çıxış edərək, universitetdə elmin göstəricilərinin yüksəldilməsi istiqamətində tələbələrin təşəbbüslərinin təqdirəlayiq hal olduğunu bildirib.

Konfransda rəqəmsallaşmanın əmək bazarına təsiri, yeni texnologiyaların iqtisadçıların peşə hazırlığına qoyduğu tələblər, rəqəmsal bacarıqların formalaşdırılması və bu sahədə mövcud imkanlar istiqamətində təqdim olunan məruzələr geniş müzakirə edilib. İştirakçılar müasir iqtisadi mühitdə innovativ düşüncə tərzinə malik, çevik, analitik və rəqəmsal texnologiyaları mənimsəmiş mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıblar.

İclas çərçivəsində tələbə və gənc tədqiqatçıların elmi məruzələri dinlənilib, əmək bazarında qarşıya çıxan real problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb. Rəqəmsal dövrün yaratdığı çağırışlarla yanaşı, yeni inkişaf fürsətləri də iştirakçılara təqdim olunub.

Konfransın sonunda qeyd olunub ki, UNEC gələcəkdə də əmək bazarının tələblərinə cavab verən yeni nəsil iqtisadçıların hazırlanması istiqamətində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, rəqəmsal bilikləri gücləndirmək üçün addımlar atacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay