Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva açaraq, gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün tələbələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.
Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək reproduktiv sağlamlığın əsas amillərindən və sağlam həyat tərzinin əsas komponentləri olan balanslı qidalanma, müntəzəm fiziki aktivlik, yuxu rejiminin tənzimlənməsi və psixoloji sağlamlıqdan söz açıb, gənc yaşlarda reproduktiv sağlamlığı qorumağın vacibliyini qeyd edib, tələbələrə sağlam vərdişlərin gündəlik həyata tətbiqi, stressin idarə olunması və emosional balansın qorunması ilə bağlı praktiki tövsiyələr təqdim edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.