Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə İntellekt marafonu keçirilib.
UNEC-in 95 illik yubileyi çərçivəsində İntellekt Marafonu ÜFTTD-nin Tələbə Klubunun rəhbəri, baş müəllim Samirə Əhmədovanın təşəbbüsü ilə təşkil olunub. Marafonun keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların Azərbaycanın müstəqillik tarixi ilə bağlı biliklərini artırmaq və sağlam rəqabət mühiti yaratmaq olub.
Marafonda UNEC-in müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər. Biznes və menecment və Rəqəmsal iqtisadiyyat fakültələrinin birgə təmsil olunduğu “Uni Code” komandası, Maliyyə və mühasibat fakültəsinin “İstiqlal” komandası, eləcə də İqtisadiyyat və idarəetmə fakültəsinin “Zəfər” və “Zəka” komandaları biliklərini nümayiş etdirərək sualları cavablandırıblar.
Mərhələli şəkildə keçirilən yarışmanın yekununda Maliyyə və mühasibat fakültəsinin “İstiqlal” komandası qalib elan olunub. Qalib komanda üzvləri müxtəlif hədiyyələrlə mükafatlandırılıb, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.
Tədbirin sonunda ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva çıxış edərək iştirakçılara təşəkkürünü bildirib, bu cür yarışların gənclərin elmi biliklərinin artırılmasında, intellektual inkişafında və milli şüurun formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.