UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri açan UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verib. O, bu kimi tədbirlərin insan hüquqları sahəsində maarifləndirmənin artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Lalə Məmmədova çıxışında, həmçinin, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

“Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova öz çıxışında insan hüquqları və vətəndaşların qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülən məqsədyönlü və sistemli tədbirlərdən bəhs edib.

“Dizayn” kafedrasının müəllimi Nərminə Namazova isə çıxışında vurğulayıb ki, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu Azərbaycanda vətəndaşların sosial-iqtisadi maraqlarının təmin olunması, xüsusilə əmək hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay