1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi, UNEC İnklüziv Təhsil Mərkəzi, "Zəfər Yolu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yasamal parkında “Uşaqların rəngli dünyası” adlı əlilliyi olan uşaqlar üçün festival keçirilib.
Tədbirin açılışında UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova edərək, mərkəzin yaradılması, məqsədləri və fəaliyyəti barədə məlumat verib. O, inklüziv təhsilin cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və sosial inteqrasiya baxımından mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrin davamlı inkişafının vacibliyini qeyd edib.
Sonra "Zəfər Yolu" İctimai Birliyinin sədri Pərvanə Salmanqızı Abdullayeva və "Gənclərə Psixoloji Dəstək" İctimai Birliyinin sədri Leyla Salmanlı da çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bu cür təşəbbüslərin inklüziv cəmiyyətin formalaşması, uşaqların sosial adaptasiyası baxımından vacibliyini vurğulayıblar.
Festivalda Azərbaycan Dövlət Filarmoniyasının solistlərinin, UNEC məzunu, gənc müğənni Fərid Mərdin və digər ifaçıların çıxışları tədbirə xüsusi rəng qatıb.
Əsasən həssas kateqoriyaya aid uşaqların əyləncəli gün keçirməsi məqsədilə təşkil olunan tədbir hər kəsə unudulmaz anlar yaşadıb.