Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsində “Maliyyə təhlili” adlı dərsliyin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, dərsliyin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi-Metodik Şurasının 14 iyun 2024-cü il tarixli 03 saylı protokoluna və Elmi Şuranın 23 dekabr 2024-cü il tarixli 199 saylı qərarına əsasən işıq üzü gördüyünü bildirib və “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün qiymətli töhfə olduğunu vurğulayıb.
Təqdimat zamanı dərsliyin həmmüəllifləri, “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov və həmin kafedranın professoru Hənifə Cəfərli dərsliyin ərsəyə gəlməsi prosesi və strukturu haqqında ətraflı məlumat veriblər. Onlar dərsliyin “İqtisadiyyat və idarəetmə” ixtisas qrupu üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, maliyyəçilər, mühasiblər, auditorlar, iş adamları, o cümlədən maliyyə-iqtisadi təhlil ilə maraqlananlar üçün mühüm mənbə olduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən “Maliyyə və audit” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Aynurə Hacıyeva dərsliyin aktuallığı barədə fikirlərini iştirakçılarla bölüşüb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.