18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin yekunu ilə əlaqədar rəsmi tədbir baş tutub.
Tədbirdə sərginin təşkilində əməyi keçən tərəfdaş qurumlar, şirkətlər və fəal iştirakçılar mükafatlandırılıb.
Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzinin Rəqs Ansamblının çıxışı ilə başlayıb. Ardınca sərginin təşkilində fəallıq göstərən və stendləri ilə seçilən şirkətlərə plaketlər təqdim olunub.
Könüllü dəstəyinə görə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi də plaketlə təltif olunub. Təltif olunanlar sırasında Komitənin sədr müavinləri Günay Ağazadə və Səbuhi İmanov da yer alıb.
Eyni zamanda, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev tərəfindən sərgiyə dəstək göstərən fəal könüllülər Təşəkkürnamə ilə mükafatlandırılıb.
Qeyd edək ki, sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə həyata keçirilib. Sərgidə tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edib. Tədbiri 30.000-dən çox ziyarətçi izləyib.