Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və fakültə Tələbə Həmkarlar Təşkilatı İttifaqının nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Fakültənin dekanı, dosent Elçin Eyvazov çıxış edərək qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüzə cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsinə başlamışdır. O, vurğulayıb ki, xalqımız bu müharibədə həm cəbhədə, həm də arxa cəbhədə böyük birlik, əzm və iradə nümayiş etdirmiş, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunmuşdur.
Daha sonra fakültənin katibi, dosent Pərviz Səmədov çıxış edərək bildirib ki, müzəffər Azərbaycan Ordusunun qələbə yürüşünə tab gətirə bilməyən düşmən mülki əhalini hədəfə alaraq müharibə cinayətləri törətmişdir. O, həmçinin qeyd edib ki, Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçumuz şəhid olmuş, yüzdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq qazimiz isə sağlamlığını itirmişdir.
Tədbirin sonunda professor-müəllim heyəti və tələbələr arasında fikir mübadiləsi aparılıb.