A

27 Sentyabr – Anım Günü münasibətilə Türk Dünyası İqtisad fakültəsində (TUDİFAK) şəhidlərin əziz xatirəsini yad etmək və Vətən müharibəsinin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq məqsədilə anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə fakültənin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Yusif Əliyev açaraq Azərbaycan xalqının yenilməz iradəsindən, torpaq uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından danışıb. O, Vətən müharibəsində qazanılan tarixi zəfərin xalqın birliyi və milli ruhunun təntənəsi olduğunu vurğulayıb.

Sonra fakültənin dekan müavini Cavahirxanım Məmmədova 27 Sentyabr tarixinin hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günü olduğunu bildirib. O, tələbələrə vətənə sədaqətli olmağın, milli həmrəyliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırıb.

"İqtisadiyyat və işlətmə" kafedrasının müəllimi Orxan Şirinzadə öz çıxışında 44 günlük Vətən müharibəsinin gedişinə toxunaraq xalqın birlik və həmrəyliyinin bu qələbənin əsas təməlini təşkil etdiyini qeyd edib.

Tədbirdə iştirak edən tələbələr də çıxış edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, müharibə ilə bağlı düşüncə və hisslərini bölüşüblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay