Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Karyera və İnkişaf Tələbə Təşkilatı”nın tanıtım tədbiri baş tutub.
Tədbiri giriş sözü ilə açan tələbələrlə iş üzrə prorektor, dos. Səadət Qəndilova tələbələrə uğurlu gələcək üçün aktiv iştirak, liderlik və komanda bacarıqlarının önəmini vurğulayaraq, yeni təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
Sonra “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri, dos. Rəşad Məhərrəmov təşkilatın yaradılması barədə məlumat verib. Bildirib ki, təşkilatın əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirərək, onları əmək bazarına daha hazırlıqlı formada qazandırmaqdır.
Tədbirdə kafedranın müəllimləri Saleh Həsənov, Vüsalə Hüseynova və Aysel Qaragözova tələbələrin əmək bazarına inteqrasiyası, karyera planlamasının əhəmiyyəti, mentorluq xidmətindən istifadə və şəbəkələşmənin önəmi barədə təqdimatlarla çıxış ediblər.
Sonda təşkilatın sədri vəzifəsini icra edən İqtisadiyyat və İdarəetmə fakültəsinin III kurs tələbəsi Ziya Əmirov yeni yaranan təşkilatın məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, gələcəkdə təşkilatın təşəbbüsü ilə karyera təlimləri, mentorluq proqramları, işəgötürənlərlə görüşlər, eləcə də sosial layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.