A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “İmtahan stressi və onun aradan qaldırılması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev açaraq tələbələrin imtahan dövrlərində üzləşdikləri psixoloji gərginliklər və bu gərginliyin onların akademik nəticələrinə təsiri barədə danışıb. O, UNEC-də tələbələrin psixoloji sağlamlığının qorunmasının universitetin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Dekan bu kimi maarifləndirici tədbirlərin tələbələrin imtahanlara daha balanslı, özünəinamlı və psixoloji cəhətdən hazırlıqlı yanaşmalarına mühüm töhfə verdiyini qeyd edib.

Sonra Psixoloji Xidmət Mərkəzinin rəhbəri, dosent Şəfahət Abdullayeva və mərkəzin psixoloqu Küşvər Abdullayeva mövzu ətrafında çıxış ediblər. Onlar imtahan stressinin əsas səbəbləri, tələbələrin emosional vəziyyətinə və akademik göstəricilərinə təsiri barədə məlumat veriblər. Mütəxəssislər özünəinamın, vaxtın düzgün planlaşdırılmasının, sağlam istirahətin və pozitiv düşüncə tərzinin stressin azaldılmasında mühüm rol oynadığını bildiriblər. Həmçinin, tələbələrə stressi idarə etməyə kömək edən praktik nəfəs və rahatlama texnikaları təqdim olunub.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay