Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Biznes Məktəbinin “Biznesin idarə edilməsi” kafedrası tərəfindən “İntellektual Bilik Yarışı: Elmin 80 İli – AMEA-nın Yolu” adlı maarifləndirici yarış keçirilib.
Tədbirin əsas məqsədi tələbələrdə Azərbaycan elminin inkişaf tarixi, AMEA-nın yaranma və formalaşma mərhələləri, elmin milli iqtisadiyyatın tərəqqisində rolu barədə bilikləri artırmaq, elmi düşüncə tərzini və intellektual fəallığı təşviq etmək olub.
Yarışda Biznes Məktəbinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr komanda şəklində iştirak ediblər. Suallar Azərbaycan elminin inkişaf mərhələləri, görkəmli alimlər, AMEA-nın nailiyyətləri və elmi məktəblərin formalaşması mövzularını əhatə edib.
Tədbirdə UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, i.e.d., professor Zahid Məmmədov bildirib ki, Azərbaycan elmi 80 il ərzində böyük inkişaf yolu keçib və fundamental nailiyyətləri ilə ölkənin iqtisadi, sosial və mədəni tərəqqisinə mühüm töhfələr verib. Professor qeyd edib ki, UNEC-də təşkil olunan bu kimi bilik yarışları tələbələrin elmi baxışlarının inkişafına, analitik təfəkkür və yaradıcılıq qabiliyyətlərinin güclənməsinə müsbət təsir göstərir.
“Biznesin idarə edilməsi” kafedrasının müdiri Səbinə Məmmədova qeyd edib ki, AMEA-nın 80 illiyi həm elmin inkişafını, həm də gənclərin elmi fəaliyyətə marağını göstərir. O, vurğulayıb ki, tələbələrin elmi fəaliyyətə cəlb olunması onların gələcək liderlik və idarəetmə bacarıqlarının formalaşmasına zəmin yaradır.
Sonda qalib komandalar sertifikat və təşəkkürnamələrlə mükafatlandırılıb.