Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC-in Biznes və Menecment fakültəsinin birgə təşkilatçılığı, Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Həyata dəstək” layihəsi çərçivəsində ilk yardım üzrə maarifləndirici seminar keçirilib.
Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təcili hallarda operativ və düzgün reaksiya verə biləcək, ilkin tibbi yardım biliklərinə malik savadlı və hazırlıqlı gənclər formalaşdırmaqdır.
Təlimlər zamanı iştirakçılara ilkin yardımın əsas prinsipləri, qəfil ürək dayanması zamanı tətbiq olunan CPR üsulları, həmçinin boğulma, yanıq və yaralanma kimi hallar zamanı düzgün müdaxilə qaydaları haqqında praktiki biliklər verilib.
Praktik məşğələlər Medic School-un beynəlxalq dərəcəli təlimçiləri tərəfindən, Amerika Ürək Assosiasiyasının (AHA) müasir protokollarına əsasən həyata keçirilib. Təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.