Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “İmtahan stressi və onun aradan qaldırılması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, tələbələrin imtahan dövrlərində qarşılaşdıqları psixoloji gərginliklərin onların akademik nəticələrinə təsiri barədə danışıb, UNEC-də tələbələrin psixoloji sağlamlığının qorunmasının və onlara bu istiqamətdə dəstəyin göstərilməsinin Universitetin əsas prioritetlərindən olduğunu vurğulayıb, bu kimi maarifləndirici görüşlərin gənclərin imtahanlara daha balanslı, özünəinamlı və psixoloji cəhətdən hazırlıqlı şəkildə yanaşmalarına mühüm töhfə verəcəyini qeyd edib.
Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva və psixoloq Küşvər Abdullayeva çıxış edərək, imtahan stressinin əsas səbəbləri, onun tələbələrin emosional vəziyyətinə və akademik göstəricilərinə təsiri barədə danışıblar, bu prosesdə özünəinamın, vaxtın səmərəli idarə edilməsinin, sağlam istirahətin və pozitiv düşüncə tərzinin önəmini vurğulayıblar, stressin azaldılması üçün praktik nəfəs və rahatlama texnikalarının tətbiqini tövsiyə ediblər.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.