“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” mövzusunda seminar keçirilib.
Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, xalqımızın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və vətənpərvərlik ruhundan, dövlətimizin siyasi və hərbi rəhbərliyinin uzaqgörən və qətiyyətli addımlarından, Müzəffər Azərbaycan Ordusunun şücaət və fədakarlığından bəhs edib. H.Hacıyev həmçinin Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Zəfərin xalqımızın birliyinin, milli həmrəyliyinin, əzmkarlığının və dövlətə sarsılmaz sədaqətinin təcəssümü olduğunu vurğulayıb.
“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” mövzusunda çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin möhtəşəm qələbə ilə nəticələndiyini bildirib, bu Zəfərin xalqımızın milli həmrəyliyinin, ordumuzun rəşadətinin və Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyinin bariz təzahürü kimi dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinə çevrildiyini, eyni zamanda Vətən müharibəsinin Azərbaycan gəncliyi üçün vətənpərvərlik məktəbi olduğunu və bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın müqəddəs borcu sayıldığını qeyd edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.