A

UNEC-in Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının “Sosial iş və idarəetmə” ixtisası tərəfindən “Müasir dövrün sosial problemləri: səbəbləri, nəticələri və həlli yolları” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə RİM-in direktoru dos. Mənsur Barxudarov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dos. Elşən Məmmədov, UNEC-in İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Təcrübə şöbəsinin rəhbəri dos. Leyla Nəzirzadə, həmçinin İqtisadiyyat və idarəetmə və Türk Dünyası İqtisad fakültələrinin müəllimləri iştirak ediblər.

Dəyirmi masada “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, birliyin mətbuat katibi Rüfət Zəkizadə və hüquqşünas Zeynəb Göyüşova da qonaq qismində iştirak ediblər. Qonaqlar uşaqların müdafiəsi, sosial təhlükəsizlik, erkən nikahlar, istismar riskinə məruz qalan qruplar, eləcə də uşaq hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxışında uşaqların təhlükəsiz inkişafı, sosial risklərin azaldılması, təhsil mühitində psixososial dəstəyin gücləndirilməsi, həmçinin dövlət–təhsil müəssisələri–QHT əməkdaşlığının aktuallığı barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində RİM-in “Sosial iş” ixtisasının III kurs tələbələrinin mövzu ilə bağlı təqdimatları dinlənilib. Çıxışlarda müasir cəmiyyətin qarşılaşdığı sosial çağırışlar, onların yaranma səbəbləri, nəticələri və həlli istiqamətləri müzakirə olunub.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və sosial sahədə peşəkar hazırlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay