KPMG və UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE)-nin birgə layihəsi çərçivəsində tələbələr üçün “Audit Karyera Günü” təşkil olunub.
Tədbirdə KPMG nümayəndələri Nilufər Məmmədova, Elgün Məmmədov, Ülkər Məmmədova və Sevil Nəsibli iştirak edərək tələbələrlə öz real iş təcrübələrini və karyera hekayələrini bölüşüblər. Çıxışlar zamanı şirkətin fəaliyyəti, korporativ mədəniyyəti, əməkdaşlara təqdim etdiyi imkanlar və audit sahəsində karyera qurma yolları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, audit sahəsinin əhəmiyyəti, auditorun əsas vəzifə və məsuliyyətləri, bu istiqamətdə uğur qazanmaq üçün tələb olunan bilik və bacarıqlar tələbələrə izah olunub.
Tədbir iki hissədən ibarət olub. Birinci hissədə tələbələr audit sahəsi ilə bağlı maarifləndirici məlumatlar əldə ediblər. İkinci hissə isə “workshop” formatında keçirilib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun praktiki tapşırıqlar üzərində çalışaraq həm analitik düşünmə, həm də komanda ilə işləmək bacarıqlarını nümayiş etdiriblər. Tapşırıqların nəticələri qiymətləndirildikdən sonra seçilmiş tələbələrə iş təklifi edilə biləcəyi bildirilib.
“Audit Karyera Günü” tələbələr üçün yalnız nəzəri biliklərini artırmaq deyil, eyni zamanda öz potensiallarını peşəkar mühitdə sınamaq və gələcək karyeraları üçün real imkan qazanmaq baxımından dəyərli təcrübə olub