Azərbaycanda ilk dəfə olaraq layihəyönümlü tədris çərçivəsində UNEC-in, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın və ReadENG nəşriyyatının birgə təşəbbüsü ilə “Xüsusi diqqətəlayiq” uşaqlarla bağlı sosial layihənin icrasına başlanılıb.
UNEC Dizayn Məktəbinin tələbələri “Qrafik dizayn proqramları” fənni çərçivəsində “İtmiş rənglərin sirri”, “Sükutdan doğan cəsarət”, “Səssizcə açılan gül”, “Rəngləri görülməyən ada” və “Elvin – xüsusi dostların dünyasına səyahət” adlı kitabları sosial məsuliyyət yönümlü layihə kimi hazırlayıblar.
Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdə özlərini fərqli və təcrid olunmuş hiss etməmələrinə dəstək olmaqdır. Bununla yanaşı, hazırlanmış nəşrlər vasitəsilə ictimaiyyətin bu uşaqların xüsusiyyətləri, emosional dünyası və ehtiyacları barədə məlumatlılığının artırılması hədəflənir.
Təşəbbüs çərçivəsində tələbələr UNEC Dizayn Məktəbi və “Dizayn” kafedrasının müdiri Elfanə Qasımova, həmçinin layihəyönümlü tədrisin koordinatoru, Təhsil və Təlim Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva ilə birlikdə ReadENG nəşriyyatına səfər edərək icra prosesini müzakirə ediblər. Bildirilib ki, tələbələr bir ay ərzində nəşriyyatda peşəkar heyətlə birgə çalışaraq hazırladıqları işləri yekunlaşdıracaqlar.
Qeyd edək ki, tələbələrin kreativ yanaşması ilə hazırlanmış bu nəşrlər həm məzmun, həm də vizual baxımdan inklüziv dizayn prinsiplərinə əsaslanır. PBL (Project-Based Learning) metodu əsasında həyata keçirilən layihə tələbələrin real sosial problemlərə yaradıcı həll yolları təqdim etmək bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların sosial məsuliyyət hissinin formalaşmasına da töhfə verir.