UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “Şəhərsalma və Memarlıq ili” ilə bağlı seminar keçirilib.
“Şəhərsalma və Memarlıq ili”nin elan edilməsi ilə əlaqədar təşkil olunan seminarda UNEC Dizayn Məktəbinin dosenti Yeganə Ağamalıyeva, Bakı Mühəndislik Universiteti Dizayn kafedrasının dosenti Yasin Xəlilov, Azərdövlətsənayelayihə İnstitutu-nun aparıcı memarı Ruqiyyə Abdullayeva, “Region Mühəndislik” MMC-nin təsisçisi Ofeliya Nebiyeva və BMU-nun müəllimi Nailə Hüseynova yer alıblar.
Seminarı fakültə dekanı Elman Cəfərov açaraq fakültə haqqında məlumat verib, tədris prosesi və əsas istiqamətləri iştirakçıların diqqətinə çatdırıb. O, bu kimi görüşlərin tələbələrin bilik və bacarıqlarının inkişafında, onların peşəkar mühitlə daha yaxından tanış olmasında mühüm rol oynadığını vurğulayıb.
Çıxış edən Yeganə Ağamalıyeva milli memarlıq irsinin qorunmasının əhəmiyyətindən danışaraq, şəhər mühitinin tarixi kimliyinin saxlanılmasında bunun vacibliyini qeyd edib. Eyni zamanda, müasir memarlıq üslublarının formalaşdırılmasının və ənənə ilə innovasiyanın uzlaşdırılmasının önəmini diqqətə çatdırıb.
Yasin Xəlilov isə çıxışında tikinti materiallarının seçiminin memarlıqda mühüm rol oynadığını bildirib. O, müasir dövrdə şüşə, metal və kompozit materialların geniş tətbiq olunduğunu, bunun şəhərlərə dinamik görünüş verdiyini qeyd edib, eyni zamanda ənənəvi materialların düzgün istifadəsinin vacibliyini vurğulayıb.
Ruqiyyə Abdullayeva çıxışında World Urban Forum 13-ün Bakıda keçirilməsinin əhəmiyyətindən bəhs edərək, bu kimi beynəlxalq tədbirlərin ölkənin şəhərsalma sahəsində tanıdılmasına və təcrübə mübadiləsinə töhfə verdiyini bildirib.
Seminar çərçivəsində mütəxəssislər şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar, innovativ həllər və real layihə təcrübələri barədə tələbələrlə biliklərini bölüşüblər. Tələbələrin fəal iştirakı ilə keçən tədbirdə geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.